Kiçik otağı necə geniş göstərmək olar?

https://melissagroup.az/storage/app/media/kicik-ev-dizaynlari_20210909183854.jpg

Kiçik mənzillərdə əsaslı yeniliklər etmə ehtimalı çox vaxt az olur. Amma bu o demək deyil ki, kiçik otaqları ümumiyyətlə genişləndirmək olmaz. Bir sıra dizayn və vizual qavrayış qanunlarından istifadə edərək, hər hansı bir otağı daha rahat və geniş etmək olar.

Müasir kiçik mənzillərin əsas xüsusiyyətlərindən biri tavanın standart 2.8 m olmasıdır və əlavə interyer hissələri olmadan, otaqda sanki bir qədər “təzyiq” yaranır. Üstəlik əgər düşünmədən evə bir də mebel və məişət texnikası əlavə etdikdə tam bir “xaos” yaranır.

Otağı vizual genişləndirməyin klassik yolu-divar və tavanın açıq rənglərdə olmasıdır. Bu halda, siz divar kağızını böyük dekorativ bəzəklə deyil, sadə şaquli zolaqlar ilə seçməlisiniz. Bu otaqların vizual hündürlüyünü artırmağa imkan verir.

Dizayn aksioması: İşiqlı otaq daha geniş görünür.

Əgər kifayət qədər təbii və ya süni işıqlandırma varsa hər hansı bir kiçik otaq vizual daha geniş görünür. Belə hallarda hətta pəncərələrin konstruksiyası belə böyük əhəmiyyət kəsb edir. Kiçik otaq üçün pəncərə seçərkən arakəsmələrin minimum sayda olmasına diqqət yetirilməlidir.

Pərdə seçimi zamanı isə, parlaq və böyük naxışlar olmadan açıq rəngli materiallara üstünlük verilməlidir. Həmçinin pəncərəaltı da bitki və ya güllərdən istifadə minimuma endirmək lazımdır.

Düzgün planlaşdırılmış işıqlandırma sayəsində axşam vaxtı da otağı vizual böyütmək mümkündür. Kiçik, otaqlı mənzildə siyirməli qapı modellərindən istifadə etmək tövsiyə olunur, çünki belə konstruksiyalar əlavə yer tutmur. Siyirməli qapıların əsas üstünlüyü isə qapını açıb bağlayan zaman səsin olmamasıdır.

Otağın komfortlu olması üçün üstünlük daha çox kompakt və ya asanlıqla qatlana bilən mebelə verilməlidir.
Standart və həcmli mebelləri mütləq yüngül, praktik stellajlar ilə əvəz etmək lazımdır.

Yumşaq mebel seçimi zamanı onun funksionallığı ön planda olması vacibdir. Qatlanma divan sayəsində siz nəinki otağın sahəsinə qənaət edə bilərsiniz, həm də oturacaqların altında lazımlı əşyalar saxlaya bilərsiniz.

Mənzilin komfortu üçün əsas amillərdən biri də mebelin rəngidir. Tünd rəngin gündəlik həyatda daha praktik olmasına baxmayaraq, bu cür mebel kiçik otaqlar üçün uyğun deyil. Ümumi rəng sxemlərindən asılı olaraq, mebel yüngül pastel çalarlarında olmalıdır: bej, mavi və ya açıq yaşıl. Məsləhət gördüyümüz rənglər gözləri qıcıqlandırmır və istənilən dekorasiyaya uyğun olur.

Əgər təmir prosesinə düzgün yanaşsanız otaqda komfort və azadlıq hissi yaratmaq mümkün olacaqdır.