Karantin zamanı evdə nə etməli?

https://melissagroup.az/storage/app/media/Karantin%20zaman%C4%B1%20evd%C9%99%20n%C9%99%20etm%C9%99li_20220124093319.png

Ölkəmizi və bütün dünyanı təsiri altına salan koronavirus pandemiyası ilə mübarizə həyatımızın bütün sahələrində davam edir. İnsanlıq tarixinin ən çətin dönəmlərindən biri olan, bu zaman çərçivəsi, bizə həm də maraqlı həyat təcrübələri yaşadır. Koronavirus səbəbindən əksər ölkələrdə fövqəladə vəziyyət və karantin elan olunub, insanlara küçələrə çıxmamaları tapşırılıb. Bu müddət ərzində yaşam keyfiyyəti standartlarımızı normada saxlamaq və evdə səmərəli vaxt keçirmək üçün nələr edə bilərik?

Övladlarınızla daha çox vaxt keçirin

Bu müddətdə uşaqların təhsilinə töhfə verəcək, onların psixoloji vəziyyətlərini yaxşılaşdıracaq fəaliyyətlər həyata keçirmək olar. Uşaqlarla müxtəlif intellektual oyunlar oynamaq lazımdır. Bu oyunlar yaşından asılı olmayaraq onların məntiq, yaddaş, strateji düşünmə, göz yaddaşı və digər zehni amillərin inkişafına kömək edəcək.

Təhsilinizi təkmilləşdirin

Boş vaxtını dəyərləndirmək istəyən gənclər izolyasiya müddətində təhsil planlamalarını edə bilərlər. Onlayn resurslardan istifadə etməklə yerli və xarici təhsil ocaqlarını incələyə və təhsil ala bilərlər.

Musiqi ruhun qidasıdır

Sənətçilərin çoxu sosial məsafəni dəstəkləmək məqsədi ilə öz evlərində canlı yayım edir və mini konsertlər verirlər. Bu konsertləri sənətçilərin sosial media hesablarından izləyə bilərsiniz.

Çoxlu kitab oxuyun

Hər kəsin oxumağı ertələdiyi kitabları vardır. İstər şəxsi, istərsə də onlayn kitabxana resurslarından faydalana, həmçinin yeni kitablar sifariş verə bilərsiniz.

Film və serial izləmək

Bura həm tarixi, həm romantik, həm də avtobioqrafik ekran əsərləri daxil ola bilər. Müxtəlif mükafatlara layiq görülmüş maraqlı filmləri izləmək üçün əla fürsətdir.

Yaradıcılıq

Uzun müddətdir rəssamlığa həvəsiniz olub, ancaq rəsm çəkməyə vaxt tapmamısınız? Elə isə əsl vaxtıdır. Rəssamlıqla yanaşı, toxuculuq, dizaynerliklə bağlı faydalı məlumatları öyrənə bilərsiniz.

Sağlam bədəndə sağlam ruh olar!

Fitnes-klublar, idman zalları bağlansa da, bu o demək deyil ki, passiv həyat tərzinə keçməlisiniz. Sağlam həyat tərzini ev şəraitində də davam etdirmək mümkündür. Vitaminli qidaların qəbuluna, yağlı, şirin və duzlu təamlardan imtinaya xüsusi fikir vermək lazımdır.