Daha əvvəl mənzil təmirinə nədən başlamalı? Və mənzil təmirində santexnik, elektrik işlərinə başlayarkən nələrə diqqət etməli olduğumuz haqqında məlumat vermişdik. Təmirin üçüncü mərhələsində divarın, tavanın üzlənməsi işləri aparılır. İlk öncə divarın astar üzlənməsi həyata keçirilir. Üzlənmədən öncə divardakı qara suvağın üzəri binder ilə yuyulmalıdır. Tavan, hamar beton səthləri parakontakt ilə üzlənməlidir ki, üstündən çəkilən suvaq qatı, hamar səthdə möhkəm tutsun və uzun ömürlü olsun. Divarın astar suvağı çəkiləndən sonra astar üz çəkilir.
Daha sonra istilik sisteminin quraşdırılmasına başlanılır. İstilik sisteminin çəkilməsi iki növ olur. Birinci sistem Kollektor (ona bəzən ulduz sistemi də deyirlər) bir mənbədən istiliyin bərabər paylanması deməkdir. Kollektor sistemi məsrəfdə artıq olsa da, etibarlılığına görə adi sistemdən fərqlənir. Adi sistemdə radiatorlar eyni xəttə qoşulur. Boru uzunluğu 4m olduğundan calaqlar yaranır ki, bu da gələcəkdə həmin hissədən sızmanın baş verə biləcəyini istisna etmir.
İstilik sisteminin boruları quraşdırıldıqdan sonra, döşəmə vurulur. Bir neçə döşəmə növü var:
- Parket: Stajka (beton məhlulu) tökülür, üzərinə bambuk parket döşənir.
- Dikt: Taxta laqalar (5 x 7.5sm) döşənir, qalınlığı minimum 12 mm olan diktlər vurulur. Arzu olunarsa daha sonra üzərinə parket də vurula bilər.
- Metlax: Stajka (beton məhlulu) tökülür, üzərinə metlax döşənilir.
- Taxta: Taxta laqalar (5 x 7.5sm) döşənir, daha sonra üzərinə taxtalar tikilir.
- Tavan, divar (şkurka) ilk öncə hamarlaşdırılır ki, döşəmə (şlifovka) hamarlaşdırılanadan sonra toz və əlavə təbəqə döşəmədə iz buraxmasın.
Eyvan, mənzil daxili işlər ilə paralel olaraq təmir olunur. Üzləmə aparılan zaman artıq eyvan hazır olmalıdır ki, üzləmədən sonra eyvanda aparılan təmir işləri mənzilin təmizliyində problem yaratmasın.
Döşəmə haramlaşdırılandan sonra qoruyucu dolğu təbəqəsi vurulur. Qapılar quraşdırılır, ardınca tavan binder ilə yuyulur və rənglənir. Divarlar zövqə görə divar kağızı və ya boya ilə rənglənə bilər. Su tərkibli boya ilə rəngləmək daha qənaətlidir. Boyanın digər üstünlüyü isə, arzu olunan zaman boyanın asanlıqla yenilənməsi və ya rəngin dəyişdirilməsinin mümkünlüyüdür. Ən sonda döşəmə laklanır və plintus elementlərinin tamamlanması işləri gedir.