Sərhədləri aşaraq

https://melissagroup.az/storage/app/media/S%C9%99rh%C9%99dl%C9%99ri%20a%C5%9Faraq_20220117165146.png

Günbəgün müasir memarlıq nümunələri şəhərlərin küçələrini gözəlləşdirir, yerləşdikləri əraziyə yeni ab-hava bəxş edir. Memar-dizaynerlər fərqli layihələr yaratmaqla, adlarını tarixə həkk etmək, eləcə də, boz şəhərlərin monoton həyatına öz yaradıcılıqları ilə rəng qatmaq üçün əllərindən gələni edirlər. Bəzən onların əsərlərinə təəccüblənmədən baxmaq, fikir vermədən yan keçmək mümkünsüzdür!

Biz də sizin üçün fərqli görünüşlü layihələrin müəyyən hissəsini bu məqalədə bir araya gətirdik. Düşünürük ki, bu məqaləni oxuduqdan sonra bir çox insanların ağlında “Bu cür ideya memar-dizaynerlərin ağlına necə gəlib?” tipli sualların yaranmağı ilə yanaşı, onlarda həmin incəsənət nümunələrini canlı görmək istəyi yaranacaq.

Sopot (Polşa) – Əyri ev

Şotinskiy və Zalevskiy memarları tərəfindən inşa olunan bu ev 2004-cü ildə inşa olsunsa da, hələ də insanları heyrətə gətirir. Belə ki, burada bir dənə belə düz bucaq yoxdur. Qeyri-adi konstruksiyasına baxmayaraq, şəhərin mərkəzi, tarixi hissəsinə tam uyğunlaşaraq, memarlıq ansamblını tamamlayır. Memar-dizaynerlər bu incini yaratmaq üçün uşaq kitablarının illüstrasiyalarından ilham almışdırlar.

Əgər, yolunuz Polşadan keçsə, bu memarlıq incisini ziyarət edin, lakin önündə turist çoxluğunun olacağını nəzərə almağı unutmayın!

Kann (Fransa) – Pyer Kardenin Köpük evi

Pyer Karden incəsənət dünyasında ekssentrik, qeyri-adi fiqur kimi tanınır. Onun evi də özü qədər maraqlı və qeyri-adidir. Modelyerin yaxın dostu olan Anti Lovaq bu evin memarı olub. Qeyd etmək lazımdır ki, memar eksteryerlə yanaşı, interyerdə də standartlardan kifayət qədər uzaqlaşıb.

Darmştadt (Almaniya) - Meşə spiralı

Darmştadtın ən fərqli binalarından biri olub, simvolik olaraq, “Meşə spiralı” adlandırılır. Layihənin əsasını meşə mövzusu təşkil edən binanın tikintisinə 1998-ci ildə başlanılıb. Təbiətə xas olan qeyri-simmetriklik, canlı bitkilərin çoxluğu, geniş teraslar, soğanlara bənzəyən nəhəng günbəzlərdən və s. istifadə edilmişdir. Vurğulamaq istəyərdik ki, binada təsadüfi ola biləcək bir dənə də element yoxdur.

Kanzas siti (ABŞ) – İctimai kitabxana

Səyahət etməyi sevənlərin yolu Kanzas sitiyə düşərsə, bu kitabxanaya baş çəkməyi məsləhət görürük. Kənardan binanın fasadı kitab rəfini xatırladır. Həmin rəfdə biz dünyaca məşhur əsərləri görə bilərik. Qeyd etmək lazımdır ki, əsər seçimi şəhər sakinlərinə həvalə edilmişdir, lakin onlar 1 şərtə riayət etməli idilər. Şərt isə çox bəsit idi, sadəcə, əsərdə Kanzas sitinin adı çəkilməliydi.

Bangkok (Tayland) – MahaNakhon

MahaNakhon göydələni 77 mərtəbəli olub, Taylandın ən hündür binasıdır. Turistlərin sevimli məkanına çevrilən MahaNakhon damında şəhərə möhtəşəm mənzərə açılır. Səyahət sevərlər gözəl şəkillər çəkdirməkdən əlavə, şəhərin koloritliyini müşahidə etmək üçün buraya üz tuturlar Lakin, binanın əsas özəlliyi ölçülərində yox, pikselli fasadındadır. Binanın bəzi hissələri “yadplanetli işğalçılar” tərəfindən məhv edilmiş kimi görünür, buna görə kənardan binanın dağılmaq üzrə olduğu hissi yaranır.

Səyahət edin, xoş emosiyalara köklənin və ən əsası dünyanı daha yaxından tanıyın!