Pandemiyada Sevgililər günü

Pandemiyada Sevgililər günü

Sevgililər gününü adətən restoranda və ya səyahət edərək qeyd etmiş ola bilərsiniz. Ancaq bu il heç bir şey eyni olmadığı kimi, sevgililər günü də eyni olmayacaq. Pandemiyada ilk sevgililər günü. Evdə nə etmək olar? Sevgililər günü evdə hansı sürprizləri hazırlamaq olar? Sevgililər gününü evdə qeyd etmək istəyənlər üçün seçim çoxdur.

Romantik səhər yeməyi - Xüsusi bir gündə günün ən vacib yeməyini həyatınızın ən vacib insanı ilə yemək günə daha gözəl başlamağınıza səbəb ola bilər. Sevgiliniz üçün romantik bir səhər yeməyi hazırlaya və yemək masasını qızılgüllər, şamlar və müxtəlif aksesuarlar ilə bəzəyə bilərsiniz.

Kiçik qeydlərdən ibarət olan hədiyyəli romantik oyun - Evin bəzi yerlərində hədiyyələr gizlədib, sevgilinizdən kiçik qeydlər vasitəsilə hədiyyələri tapmasını istəyə bilərsiniz. Əvvəlcədən hədiyyəni almalı və qeydləri hazırlamalısınız.

Sevgilinizin sevdiyi mahnılardan ibarət gecə - Romantik bir sevgililər günü keçirtmək istəyirsinizsə, bu planın həyata keçirilməsi həm asan, həm də maraqlı ola bilər. Bunun üçün sevgilinizin ən çox sevdiyi müğənniləri və mahnıları bilməlisiniz. Mahnıların siyahısını hazırladıqdan sonra, bir şüşə şərab alıb, otağı güllər və fotoşəkillərlə bəzəyə bilərsiniz.

Puzzle düzəltmək - Tez əsəbləşən, səbirsiz insan deyilsinizsə, sevgilinizlə birlikdə puzzle düzəldə bilərsiniz. İşə bir az da romantiklik əlavə edib, ikinizin birlikdə olan şəklindən puzzle düzəltdirə bilərsiniz.

Film izləmək - 14 Fevralda evdə sevgilinizlə romantik bir film izləyə bilərsiniz. Son zamanlarda çox məşhur olan və Oscar mükafatına namizəd olan, baş rollarına Ryan Gosling və Emma Stone çəkilən “La La Land” filmini birlikdə izləyə bilərsiniz.

Photo by cottonbro from Pexels

Şam yeməyi -  14 Fevralda evdə sevgilinizlə birlikdə yemək hazırlaya və romantik bir şam yeməyi yeyə bilərsiniz. Hər ikinizin sevdiyi yeməklərdən ibarət menyu hazırlaya bilərsiniz.